Şəhid Nicat Hüseynov – On beş əskərin xilaskarı

Nicat Hüseynov ailənin tək oğlu idi. O 1997-ci ildə iyunun 4-də Şirvan şəhərində açmışdı gözlərini həyata. Atası Ziyafət Hüseynov rəssam, anası Zümrüd xanım fərdi tikiş ustası idi.
Nicat, 2004-cü ildə şəhərimizdəki Milli Qəhrəman Nofəl Quliyev adına 9 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuş, doqquzuncu sinfi bitirdikdən sonra orta təhsilini Şirvandakı daha bir şəhidin adını daşıyan Bəhruz Aslanov adına 16 nömrəli məktəbdə davam etdirmişdi. 2014-cü ilin məzunu olan Nicat Hüseynovun, ali təhsil almaq istəyi böyük olsa da, ödənişli təhsil arzusunu yarımçıq qoymuşdu. 2015-ci il iyun ayının 9-da həqiqi hərbi xidmətə başlayan N.Hüseynov əskəri borcunu N saylı hərbi hissədə yerinə yetirmişdi. Xidməti dövründə Çavuş rütbəsi alan Nicat “Snayper atıcılığı” kursunu da bitirmişdir. ..
Şəhidin bacısı-Şirvan Dövlət Rəsm Qalereyasının müdiri Çinarə Vəliyeva ilə müsahibəmizdə məlum olur ki, 2017-ci ilin yanvar ayının 2-də ordu sıralarından tərxis edildikdən sonra N.Hüseynov, şəhərimizdəki“Araz” zavodunun təhlükəsizlik və Mühafizə idarəsində çalışıb. Üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən Nicat Hüseynov 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələri sərhədlərimizi pozmağa cəhd göstərəndə Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə ərizə ilə müraciət edən ilk könüllülərdən olub. Eyni zamanda N.Hüseynov 2015-2017-ci illərdə xidmət etdiyi hərbi hissənin komandiri, “Murov Qartalı” təxəllüslü polkovnik -leytenant Raqub. Orucovun iyul döyüşlərində şəhid olduğu xəbərini eşidəndən sonra komandirinin və digər şəhidlərinin qisasını almaq istəyini bildirib. O,sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti terror aktlarına etinasız qala bilməyib. N.Hüseynov həmin gün Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə təkrar müraciət edib, cəmi bir ay əvvəl atasını itirən Nicat sentyabrın 29-da cəbhəyə yola düşüb. Orduya gedərkən anası Zümrüd xanıma təsəlli də verib:- Narahat olma ana, sən mənimlə fəxr edəcəksən…


Erməni işğalçıları ilə mübarizə aparan manqa başçısı çavuş, snayperçi, vətənpərvər Nicat Vətən müharibəsinin qısa, lakin olduqca şərəfli bir yolunu keçib. Füzuli istiqamətində gedən qızğın döyüşlərdə o rayonun Qaraxanbəyli, Qərvənd və digər kəndlərinin erməni işğalından azad edilməsində fərqlənir. Cəsarətli döyüşçü Nicat həmin əməliyyatlarda ağır yaralanan və neytral ərazilərdə qalan əsgərlərin ərazidən çıxarılması prosesini də öz üzərinə götürür.
Füzuli uğrunda mübarizədə yaralanan 15 əskərin həyatın xilas edir. Başçılıq etdiyi manqanın tərkibnə daxil olan 16-cı yaralını neytral ərazidən çıxarmaq cəhdi təəssüf ki, yarımçıq qalır. Şücaətli döyüşçü Nicat Ziyafət oğlu Hüseynov onaltıncı yaralını xilas edərkən erməni qüvvələrinin top mərmilərinin qəlpələri ilə ağır yara alaraq şəhid olub.
2020-ci il 11 oktyabr tarixində igid şəhidimiz Şirvandakı Şəhidlər Xiyabanında torpağa əmanət edilib. Şəhid N.Hüseynovun dəfnində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, hərbi komissarlığın rəhbərləri, Şirvan şəhərinin nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib. Şəhidi son mənzilə yola salan döyüşçü yoldaşları, onunla bağlı xatirələrini söyləyib. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri, polkovnik- leytenant Sədiyar Mütəllibov çıxış edərək bildirib ki, Füzuli rayonunu işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq göstərən, eləcə də 15 nəfər yaralı əsgərin xilaskarı snayper atıcısı, manqa başçısı çavuş N.Hüseynovun 2020-ci ilin Vətən müharibəsindəki əla xidmətləri ilə fərqlənib. Bütün bunlar onun Vətənə, millətə, xalqa, anaya olan sevgisindən irəli gəlib.
Hörmətli oxucu! Mən: Nicat Hüseynov ilə bağlı hazırladığım bu məqaləmdə, maraqlı və kövrək bir məqama da toxunmağın vacibliyinə ehtiyac duyuram. Şəhidlərin həyatı təkcə tərcümeyi hal yazmaqla bitmir. Oldu və öldü ifadəsi qaçılmaz olsa da və hər şeyin başlanğıcı oıduğu kimi sonu da varsa şəhidlər haqqında yazmaq istədiyin sonluq heç zaman mənim üçün asan olmayıb. İyirmi dörd yaşlı şəhid N.Hüseyovun arzu yollarına (ömür yollarını demirəm) nəzər saldıqca bir daha əmin oluram ki, Nicat “Niyyətin hara, mənzilin də ora” söyləyən aqillərimizin kəlamlarına işıq tutanlardan olub. Nicat məhz şəhidlik yolunu seçib.
Şəhidlər Xiyabanında son mənzilə yola salınarkən Nicatın bir arzusu da həyata keçirilib. Belə ki, şəhidin tabutunun ikinci, daha bir Azərbaycan bayrağının bürünməsi onun cəbhəyə yola düşməzdən əvvəl yazdığı bir məktuba əsaslanıb. Məktubda deyilir: “Ölsəm ağlama, ANA! Dözə bilmərəm göz yaşlarına. Vətən üçün doğulanlar mübarizədə ölməzlər. Cihadı seçənlər ölmürlər. Yalnız şəhid olurlar. Əgər şəhid olsam məni ATAMIN hazırladığı dövlət bayrağımıza bükərlər. Axı ana o bayrağı atam mənim üçün hazırlamışdı. Qələbə günü dalğalandırmağım üçün. Artıq vaxt yetişib, Ana!Bu bayrağın işğaldan azad ediləcəyi torpaqlarımızda dalğalandırılacağı günün sevincini sizlərə yaşatmaqçün, qələbənin sorağını ölkəmizə yaymaq üçün, zəfər marşını Qarabağda çalmaq üçün gedirəm.
Arxamca ağlama, Ana! Həm də ki, o bayrağı əsla unutma! Əgər şəhid olsam atamın hazırladığı dövlət bayrağımıza bükəsiz, bürüyərsiz məni!”
…Vətən torpaq naminə şəhid olmuş Nicatın şəhadətə qovuşduğu gündən düz bir ay sonra hər bir azərbaycanlı kimi onun əsas son arzuları da həyata keçdi. Rəşadətli Azərbaycan Ordusu işğaı altında qalan şəhər, rayon və kəndlərimizi düşməndən azad etdi. Mövqelərimiz erməni əsarətindən xilas olundu. Bir sözlə, bizi Qarabağa aparan yolların qapıları üzümüzə açıldı.


2020-ci ilin 8 noyabr tarixlndə Qarabağın göz bəbəyi Şuşa düşməndən geri alınaraq azadlığına qovuşdu.Daha sonra Kəlbəcər, Ağdam, Laçın əsl sahiblərinə təhvil verildi! Respublikada qələbə sevinci yaşandı. Vətənimiz Azərbaycan başdan başa üçrəngli bayraqlara büründü. Təəssüf ki, bu günü bizlərə yaşadan şəhidlərimizə qələbə sevincini görmək nəsib olmadı. Şirvan şəhəri Müqəddəs Azərbaycan torpağının ruhunu özünə qaytaran şəhidlərimizin xatirəsinə söylənilən “Şəhidlər ölməz, Vətən bölünməz” nidasına büründü. Şəhidlərimizin ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Həmidə FAZİLQIZI ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma