Ömrün ötən illəri – Alik Rzayev 70 il

XlX əsrin əvvəllərində yaşamış məşhur polyak həkimi V. Beranski yazırdı: ” Kim ki, öz peşəsinə yalnız çörək mənbəyi kimi baxır, o çörək tapacaq, lakin ömrünün mənəvi boşluğunu, həmin çörəklə doldura bilməyəcək. Mənəvi boşluğu bir məsamə, bir boşluq qalmadan doldurmaq özü, mənalı bir incəsənətdir. Bax bu, insan ömrünün səadəti deyilmi?! “


Ömrünün mənasını, səadətini, rahatlığını yazdığı kitablarda tapan yazıçı-jurnalist, pedaqoq Alik Rzayevin yaradıcılığı ilə Şirvan mətbuatında -“İŞİQ” ictimai siyası qəzetinin redakdiyasında ədəbi işçi-müxbir vəzifəsində çalışdığım illərdən tanışam. Alik Rzayevin müxtəlif mövzuları əks etdirən oçerk və məqalələri, istər everestik, istərsə də təkrarlama kimi müsahibələri, həm də bir oxucu olaraq hər daim marağıma səbəb olub.
Elə bu səbəbdən də Alik Rzayevin yaradıcılığına müraciət etməyin gərəkliyinə çox vaxt ehtiyac duymuşam.
Hər bir Şirvanlının evində-ocağında canlı bir kitabı yetişən Alik Rzayev, Şirvan şəhərindəki Şəhid Mübariz İsrafilovun adını daşıyan 18 nömrəli Humanitar-Təbiət Təmayüllü Məktəb-Liseydə qırx il, tarix fənnini yetişkən nəslə tədris etməklə yanaşı, həm də müxtəlif mətbuat orqanlarında müxbir fəaliyyəti göstərib. Alik müəllimin həyat prinsipi, adı kimi ali və müqəddəs, fəaliyyəti təqdirə layiq olub. Yazdığı və redaktoru olduğu kitablarla və qələm məhsullarının ümumi cəhəti ilə, ali həyat prinsipinə dayanan müəllifin amalı maarifləndirmə, elmi təbliğ etmək, həm də ki, gənc yazarlara istiqamət vermək olub.
Ali Kateqoriyalı Metodist-Müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , “Araz” Ali Ədəbi Media və “Qızıl qələm” mükafatı laureatı, “Xalqın Nüfuzlu Ziyalısı” diplomunun təltifçisi Alik Ağəli oğlu Rzayev, həm də “Təhsil”, “Şərqin səsi”, “Qarabağ” qəzetlərinin müxbiri olub. Pedaqoji fəaliyyəti ilə yanaşı yaradıcılıqla məşğul olan Alik Rzayevin ömür yollarına baxış etməklə xatırlatmaq istərdim ki, o 1953-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində təvəllüd tapıb. 1958-1968-ci illərdə Şirvan (kecmiş Əli Bayramlı) şəhərindəki, 2 nömrəli məktəbdə orta təhsil alıb. Əli Bayramlı Pedaqoji məktəbinin Fiziki Tərbiyə Şöbəsində və Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Alik Ağəli oğlu Rzayev, Sabirabad rayonunun Ağacanlı kənd məktəbində səkkiz il tarix müəllimi işləyib. Sonrakı illərdə Şirvan şəhərindəki müxtəlif təhsil ocaqlarnda – 3 ,16, 20, və 21 nömrəli məktəblərdə tarix fənnini tədris edib. Şirvan şəhərindəki 13 nömrəli məktəbdə direktor, müxtəlif illərdə isə direktor müavini, təşkilatçı müəllim və Şirvan Şəhər Təhsil Şöbəsində metodist vəzifələrində çalışıb. 1968-ci ildən mətbuatda məqalələri, reportaj və oçerkləri, müsahibələri dərc edilən müəllif, dəfələrlə Şirvan şəhərinin mədəni-ictimai həyatı ilə əlaqədar kecirilən elmi-praktiki konfransların iştirakçısı olub.


Alik müəllim, 40 illik pedaqoji fəaliyyəti dövründə həm də, istedadlı uşaqların istedadının inkişaf etdirilməsi istiqamətində şəhər miqyasında kecirilən tədbirlərdə gənclərin iştirakına yol açıb. Alik Rzayev, istedadlıları cəmiyyətə təqdim edən ilk şirvanlı yazardır ki, təmənnasız xidmətləri ilə həm də ətraf rayonlarda adı hörmətlə qarşılanır. Bir reallığı qeydə almaq istərdim ki, Şirvan şəhərində yaradıcılıq qabiliyyətinə malik olan ahıl, cavan, gənc yazarların şeirlərini almanaxlarda dərc edilməsinə yardımçı olan və yerli yazarların kitablarının işıq üzü görməsinì təşkil edən də məhz Alik Rzayev olub. A.Rzayevin mətbuatla sıx bağlılığı, müəllimlik karyerasına heç vaxt mane olmayıb, O, şəxsi mütaliələrini, həyat təcrübəsini, yaradıcılıq axtarışlarını, pedaqoji fəaliyyətini, jurnalistika ilə birləşdirməklə istər Şirvan mətbuatına, istərsə də digər redaksiyalarda qəzet və dərgilərə öz töhfələrini verib. İllər öncə “Azərbaycan xalqının adət və ənənələri, mənəvi tərbiyənin vasitəsi kimi” mövzusunda tədqiqat işlərinə başlasa da konkret bir səbəbdən bunu sona çatdıra bilməyən A. Rzayev, daha sonralar çalışdığı təhsil müəssisərində, şagirdlərini elmə, biliyə istiqamətləndirməklə daha böyük missiyanı həyata keçirməyi gərəkli hesab edib. Biir müddət sonra o yeni mövzu üzərində axtarış yollarına çıxaraq, peşəkarlıqla qələmə aldığı müxtəlif mövzulu kitablar yazıb və çap etdirib.” Hacıqabul səhiyyəsi” (Bakı, hərbi nəşriyyat 2003, 152 səh.) “Xatirəyə dönmüş ömür”, el sənətkarı məşhur opera müğənnisi , “Sil gözün yaşın Qaragilə, ağlama bəsti” desə də ekran qarşısında əyləşən geniş tamaşaçı auditoriyasını, məlahətli səs tembri ilə göz yaşlarına boğan , o taylı bu taylı azərbaycanlıların fəxri olan, bir vaxtlar Şirvan şəhərində yaşayan ustad xanəndə, mərhum Rübabə xanım Muradovaya həsr etdiyi “Xatirələrdə yaşayan sənətkar”, Respublikanın Əməkdar Neft Mühəndisi mərhum Vaqif Məmmədov haqqında yazdığı “Elin hörmətini qazanan insan “, xalqın nüfuzlu ziyalısı, uzun illər Şirvanın İqtisadi-İctimai-Siyasi həyatındada xüsusi xidmətləri olan, hazırda isə təqaüdçü Əlikram Əskərovun həyatını əks etdirən “Düzgünlüyün təcəssümü”, müqəddəs yerlərin‐ Allah evinin ziyarətçiləri haqqında yazdığı “Müqəddəs yolun yolçuları”, “Şirvan Hacıları”, “Sabirabad Hacıları, Kərbəlailəri, Məşhədiləri”, eləcə də “Azərbaycan Hacıları”, ardıcıl olaraq yazıb çap etdirdiyi “Övliyalar, Hacılar, Kərbəlayilər, Məşhədilər” və digər kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Alik müəllimin axtarışlarının və istedadının bəhrəsi olan həmin kitablar hər bir şirvanlının stolüstü kitabına çevrilib.


Təhsil, mədəniyyət , milli-mənəvi dəyərlərin təbliği, idman, hərbi vətənpərvərlik sahəsini əhatə edən bir sıra kitabların (ümumilikdə 40 kitab) müəllifi və redaktoru olan Alik RzayevIn, hər bir yaradıcı şəxsdə olduğu kimi özünə məxsus səciyyəvi xüsusiyyətləri də çoxdur. Bu xüsusiyyətlərdən ən önəmlisi təbliğatdır ki, Alik müəllim bunu özünə mənəvi borc hesab edir. Alik müəllimin yaradıcılığı ilə tanış olan hər bir oxucu onun, kitablarının dolğunluğunu artırması üçün, oxuculara daha dəqiq məlumat ötürməsi üçün, hər mövzuya necə həssaslıqla yanaşdığını yaxşı bilir. “Yaxşı” dedim və bu yerdə yadıma nə düşdü?! Yaxşı adamların yaxşı əməllər qoyub getməsi! Qeydlərimin bu yerində , Fiologiya Elmləri üzrə Fəlsəfə Doktoru Sadıq Murtuzayevin, dilimdə kəlama dönən bir sitatını xatırlatmağın gərəkliyini hiss edirəm. Sadıq Murtuzayev, kitablarından birində yazırdı:”Yaxşı adamlar təkcə yaxşı əməllərini qoyub getmirlər, onlar həm də yaxşı əməllərin sahiblərini, sətirlərdə yaşadaraq gedirlər!”
Şükürlər olsun Allaha ki, gözəl qələm sahibi, xeryrsevər şəxsiyyət, dəyərli vətəndaş olan Alik Rzayev, bu gün yaxşıların yaxşı əməllərini təbliğ etməkdə və yazdığı kitabların sətirlərində yaşamaqdadır!


Hörmətli oxucu, bir az əvvəl, jazıçı-jurnalist Alik Rzayev yaradıcılığının məhsulu olan, 40 kitabdan bir neçəsinin adını çəkdim. Mən, bu gün fəxrlə deyə bilərəm ki, yazıçı, jurnalist, pedaqoq, nüfüzlu ziyalı Alik Rzayevin, müəllifi olduğu “Övliyalar, Hacılar, Kərbəlayilər, Məşhədilər”(Bakı ” Müəllim” Nəşriyyatı. 2013, 156 səh) “40 yaşlı təhsil ocağı” (Bakı “Müəllim “nəşriyyatı. 2014, 194 səh) “Tikdim ki izim qala” (Bakı. “Müəllim “nəşriyyatı” 2014, 281 səh) eləcə də redaktoru və ön söz müəllifi olduğu, Kərbəlayi Abdullanın “Yurd Həsrəti” (Bakı.”Müəllim” nəşriyyatı 2014, 116 səh.) şeirlər kitabına resensiya yazmaq və Alik müəllimin 65 illik yubiley gününə həsr edilən kollektiv müəllifli “Alik Rzayev 65” (Müəllim nəşriyyatı 2017, 249 səh) kitabına ön söz yazmaq mənə təklif edilmişdir. Alik müəllimin 70 illik yubileyinə hazırlanan “Ömrün ötən illəri” kitabına da qeydlərimi aparmaqla, bu gün də peşəmlə qürur duyuram və yenə təklif edilərsə yubilyarın 80, 90, 100 illiyinə hazılanacaq növbəti kitablara da ön söz , mülahizə, rəy yazmaq üçün məmnunluqla, qələmi əlimə alardım.


“Qələm” dedim və bu yerdə, yaddaşım yenə təzələnməyə başladı! 2013-cü ildə, Allahın Rəhmətinə qovuşmuş həkim-seroloq, şair, qələm dostum Mahi Şəfəqlinin, Alik Rzayev haqqında söylədiyi bir deyimi yadıma düşdü. Mahi Şəfəqli deyirdi:”Alik Rzayev, Hacıqabulun Qarasu kəndində dünyaya göz açsa da o, əslən Yuxarı Şirvanın- Şamaxının Kolanı elindən, Mirzə Ələkbər Sabirin şəcərəsindəndir. Alik müəllimin qəlbində kin, küdrət, istedadlı insanlara qarşı heç bir paxıllıq hissi yoxdur! İstedadlı gəncləri irəli çəkmək, üzə çıxarmaq, yol göstərmək ona, babalardan qalma bir mirasdır! Biz, əgər Alik müəllimin adının sonundan “K”səsini siləriksə, bunun isbatını görmüş olarıq. “ALİ!” -Bəli, Alik müəllim ali missiyalı, ali düşüncələrə malik bir şəxsiyyətdir! Təbiət, Alik müəllimin fövqündə olan insanları az-az yetişdirir!”
Əziz oxucu! Nəzərinizə bir daha çatdırmaq istərdim ki, 2021-ci ilin 3 avqust tarixində Alik Rzayevin, 70 illik yubiley günü sadə bir şəkildə qeyd edildi. Təmtərağı sevməyən, qalmaqaldan uzaq, sadə bir yazıçı olan Alik Rzayevin 70 illiyinə hədiyyə olsun deyə, biz də qələmdaşlarımızla həmfikir olaraq, onun yaradıcılığı ilə bağlı yeni bir kollektiv müəllifli kitab hazırlamağı qərara aldıq. Sadə olduğu qədər də təvazökar olan qələm dostumuzun- əziz müəllimimizin yaradıcılığının təbliğ olunmasına, layiqincə dəyərləndirilməsinə həm də mənəvi bir ehtiyac duyduq! Çünki, əyalətdə yaşayan, yazıb-yaradan bir çox qələm sahibləri kimi, Alik müəllimin də zəhmətinin qiymətləndirilməsi mühüm idi!
Yuxarıda qeyd etdiyim kimi, ali həyat prinsiplərinə dayanaraq xalqına, millətinə, dövlətinə, silaha çevirdiyi qızıl qələmi ilə xidmət edən yazıçının odur ki, yaradıcılığını daha da şəfəqləndirməyin gərəkliyini düşündük.


Biz bu gün, ömrünün mənasını yazıb-yaratmaqda, uğurlarının nəticəsini axtarış yollarındakı çətinliklərdə görən veteran müəllim, tədqiqatçı- tarixçi yazar Alik Ağəli oğlu Rzayevi, 70 illik yubileyi münasibəti ilə təbrik edirik, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları və hər zaman xatırlanmağı arzulayırıq! Və bir ağızdan deyirik:” Biz, sizi unutmuruq USTAD ! Kəlamları dilimin əzbəri olan Sadıq müəllim Murtuzayevin dediyi kimi, axı, yazıçılar unudularsa cəmiyyət kasıblaşar”.

Həmi̇də Fazilqızı
(Yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma