BİR ÖMÜR DASTANI – Şəhid Şıxəliyev Elvin


Pəncərədən düşən kölgə
Mənəm, ana.
Ürəyində qalan “bəlkə”
Mənəm ana!
Mən həmişə yanındayam,
Mən yanına qayıtmışam.
Ruhundayam ,qanındayam, canındayam.
Qamətini elə əymə , düzəl, ana!
Bax, qoynuna gəlmişəm mən ,
Sən ağlama qurban olum,
Sən ağlama, gözəl ana!


Ana Vətənin qoynuna sığınaraq, ruhunun rahatlığını torpaqda tapan Elvinin, bir ömür dastanını danışacağam sizlərə.
O Elvinin ki, doqquz yaşındaykən itirdiyi anasının, onbir yaşına qədər ona, ana əvəzi olan, daha sonra isə faciəli şəkildə dünyasını dəyişən nənəsinin, can yarısı olan ana Vətəni uğrunda qanı ilə xalqının yeni, şanlı tarixini yazdı! O Elvin ki, “Mən həmişə yanındayam, həmişəlik sənin həssas qoynuna qayıtmışam, Anam!” ‐ dedi! Və onu uşaqlıqdan böyüdən, qayğısını ‐ nazını çəkən babası, el ağsaqqalı Xanbala əminin yuxularına gəldi, gülümsədi hər gecə! Səhərin alatoranında yenidən əbədi məkanına dönərkən, ona:”Daha ağlama mənim üçün dostum!” – söylədi.
Ana Vətəninə edilən haqzlıqlara dözə bilməyən, könüllü olaraq doğma Azərbaycanımızın harayına yola düşən , vətən, dövlət , millət, xalq yolunda, əbədi bir həyat dastanının qəhrəmanına çevrilən, qalib ordumuzun zəfər soraqlı şahidi söylədi bunu, həyatda ona ata-ana, nənə -baba və ən nəhayət yaxın dost, sirdaş olan Xanbala babaya, yuxularda!

Qısa olduğu qədər də, mənalı ömür və döyüş yollarına baxış edərkən öyrənirəm ki, Vətən müharibəsinin şəhidi, Yaradanın dərgahında uca məqama sahib olan qəhrəmanımız, Elvin Sarvan oğlu Şıxəliyev, 1995-ci il iyunun 6-da Şirvan şəhərində anadan olub. 2001-ci ildə Şirvan şəhərindəki Birinci Qarabağ Müharibəsi şəhidinin adını daşıyan, Mübariz İsrafilov adına 18 saylı Təbiət-Humanitar Təmayüllü Məktəb-liseyin birinci sinifinə gedir. 2012-ci ildə on bir illik təhsilini başa çatdırdıqdan sonra, əmək fəaliyyətinə başlayır. Məclislərdə ofisiant, müxtəlif sahələrdə fəhlə xidmətləri göstərir.
2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə yollanır. Gəncədəki “N” saylı hərbi hissədə, müddətli hərbi xidmətdi dövründə Elvin , “Manqa Komandiri” və “Atıcılıq” kursunu bitirir. “Minamyotçu” kimi hərbi texnikanın sirrlərini yiyələnir. “Kiçik Çavuş” rütbəsi alır. Nümünəvi xidmətlərinə görə dörd dəfə, hərbi hissə komandiri tərəfindən fəxri fərmanıla təltif edilir.
2015-ci ilin ilk yanvar günlərində, hərbi xidmətini uğurla başa vurur. Ordu sıralarından tərxis edildikdən sonra Şirvan şəhərinə qayıdır. Elvinin arzusu hərbçi kimi yetişmək olsa da müəyyən səbəblərdən bunu reallaşdıra bilmir. Və yenidən müxtəlif yerlərdə fəhlə kimi çalışmağa başlayır.
Vətənini sevən bir övlad olaraq Elvin istər, 2016-ci ilin aprel dövrlərinə, istərsə də 2020-ci ildə ermənilərin növbəti torpaq işğal etmək niyyəti ilə törətdiyi, Tovuz döyüşlərində biganə qala bilmir. Sonuncu hadisədən sonra, Şirvan şəhərindəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək könüllü surətdə qeydiyyatdan keçir.

2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən Müharibəsində vuruşmaq üçün Elvin, düşmənə qarşı əks hücum əməliyyatlarına sentyabrın 29-dan qoşulur. Onun döyüş yolları, cəbhənin ən odlu nöqtəsi olan Cəbrayıldan keçir. Döyüş hazırlığı nəzərə alınaraq ona “Taqım Komandirinin Müavini” vəzifəsi həvalə edilir. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində gedən haqq savaşında minamyotçu kimi böyük şücaətlər göstərir. Düşmənin xeyli sayda canlı qüvvəsini, eləcə də çox sayda hərbi texnikasını məhv edir. Raşadətli döyüşçü , cəsur minamyot atıcısı Elvin Şıxəliyev, strateji əhəmiyyətli mövqemizin, düşmən əsarətindən qurtulması istiqamətində bir çox uğurlu döyüş əməliyyatlarinı reallaşdırır. Müzəffər ordumuzun çəsur döyüşçusü, hakim yüksəkliyimiz olan “Purzal” zirvəsinin düşməndən geri alınması uğrunda aparılan haqq savaşınnda, fədakarlıqla döyüşür. Və bu ağır döyüşlərdə qəddar düşmənlərimizlə, son damla qanına qədər mübarizə apararkən 2020-ci il, oktyabrın 14-də qəhrəmancasına şəhid olur.

Bəli! Torpağına “Anam Vətən”, Bayrağına “canım qurban ” deyərək sinəsini sipər edən Elvin, həmin gündən ərazi bütövlüyümüzün bərpası uğrunda gedən Vətən müharibəsində öz rəşadəti ,şücaəti, fədakarlığı, düşmən önündə sarsılmazlığı ilə qəlblərdə heykəl qurur. Zəfər şəhidi Elvin Şıxəliyev, həm də Qarabağı Azərbaycana qovuşdurarkən qanı, canı ilə tarix yazan qəhrəmanlarımızın sırasına daxil olur. Qəhrəman şəhidimizin nəşi, elə həmin gün axşam saatlarında, doğulduğu Şirvan şəhərinə gətirilərək, böyük izdihamla Şəhidlər xiyabanında torpağa tapşırılıb!

Vətən torpaqlarının qoynuna alaraq bəslədiyi, əzizlədiyi qəhrəman Şəhidimiz Elvin Şıxəliyevin, dünyaya göz açdığı ünvanda‐ baba ocağında öyrənirik ki, 2021‐ci il 6 iyun tarixində şəhid Elvinin cənnətdəki ilk mövludu qeyd edilib, yaşadığı həyətdə xatirəsinin əbədiləşdirilməsi üçün “Ehsan Bulağı” tikilib. Şəhid Elvin Şıxəliyev, yeni ‐26 yaşını, Şirvanın Şəhidlər Xiyabanında, uğrunda canını fəda etdiyi Ana torpağının qoynunda keçirib! Öz növbəmizdə: “Çənnətdə keçirdiyin ilk doğum ğünün mübarəkdir, şəhidim!” ‐dedik. Bir vaxtlar Elvinin böyüyüb, boya-başa çatdığı həyətdə müsahibəmizi şəhidin babası Xanbala Şıxəliyev və qardaşı Coşqun ilə davam etdirdik. İyirmi altı yaşını cənnət evində qeyd edən qəhrəmanımız Elvin Şıxəliyevi xatırladıq. Onun qısa, lakin mənalı ömür və döyüş yollarına birlikdə nəzər saldıq. Bunu da vurğulamaq mühümdür ki, bu gün biz, qürur hissi ilə “Bütövləşən Azərbaycanımız var!” deyə biliriksə, “Qarabağ Azərbaycandır!” söyləyiriksə, Qarabağı Azərbaycana qovuşduran, bu yolda qan tökən, canını vətən uğrunda qurban edən Elvinin timsalında bütün şəhidlərimizə borcluyuq!

Haşiyə:Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti , Cənab İlham Əliyevin sərəncamı ilə Şıxəliyev Elvin Sarvan oğlu ölümündən sonra “Cəbrayılın alınması uğrunda”, “Füzulinin azad olunmasına görə” ,”Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

HƏMİDƏ FAZİLQIZI
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma