Biz haqq savaşının qalibiyik- Həmidə Fazilqızı

Məsəl var deyərlər: “Sərhədsiz, hədsiz heç nə yoxdur. Səbir, dözüm də sonsuz və hüdudsuz deyil”. Erməni xisləti, erməni hiyləgərliyi barədə söz düşəndə ilk olaraq otuz ilə yaxın bir zaman ərzində etdiyimiz səbir və dözüm gəlib düşür yadımıza. Və xalqımızın, nankor qonşulara səbrlə güzəştə getməsi xeyli ağrıdır ürəyimizi. Səbrimiz, dözümümüz bizi, işğalçı qonşulara güzəştə getməklə yanaşı, onları həm də haqsız ərazi iddialarından əl çəkməyə çağırdı. Təəssüf ki, hələ çox-çox əvvəllərdən qonşu deyib, ocağımızın başında yer verdiyimiz ermənilər, sonradan daha da azğınlaşaraq, böyük Ermənistan yaratmaq həvəsinə düşdülər, daha geniş ərazilərimizi zəbt etmək istədilər. Hətta, təcavüzkar dövlət olaraq Ermənistan, havadarlarının dəstəyindən yararlanmağa da çalışdı. Aparılan danışıqlarda, sülh yolu ilə problemın həllinə Azərbaycan tərəfindən dəfələrlə səy göstərilsə də ermənilər məkrindən, riyakarlığında əsla əl çəkmədi. İşğal etdikləri əzəli Azərbaycan torpaqlarında “yaratdıqları” xarabalıq, “əkdiklər” minalar oldu. Onlar tez-tez tərəflər arasında bağlanmış atəşkəsi kobud şəkildə pozurdular, Azərbaycana qarşı hər sferada təxribatlar törətməklə məşğul olurdular.

Öz düşmənçilik əməllərindən əl çəkməyən ermənilərə dəfələrlə, Azərbaycan ordusu tərəfindən xəbərdarlıq edilsə də düşmən öz xislətini bir müddət sonra yenidən biruzə verməkdə davam edirdi. Respublikamızın cəbhəyanı ərazilərindəki sərhədlərində, ermənilərin törətdiyi təxribatlar əlbəttə ki, artıq cavabsız qalmamalı idi. Şanlı ordumuz, dəfələrlə ermənilərə cavab atəşi ilə susdurmaqla və xəbərdarlıq etməklə, tutarlı cavablar verməklə öz gücünü sübuta yetirsə də bununla belə düşmən qüvvələri işğalçılıq məqsədindən əl çəkmək istəmir, növbəti yeni təxribat aktları həyata keçirməyə və hücumlara cəhd edirdilər.
Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan döyüşləri, həmçinin 2020-ci ilin Tovuz döyüşləri zamanı Milli Ordumuzun rəşadətli əsgərləri düşmənə layiqli cavab vermiş, düşməni geri oturmuşdu.

Məlum olduğu kimi, 2020-ci ilin iyul ayında Ermənistan hərbi qüvvələri atəşkəsi pozaraq Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar aparmaq cəhdinin qarşısı uğurla, Azərbaycan Ordusu tərəfindən alındı. Ermənilərin məhz bu təxribata cəhdi xalqımızı olduqca hiddətləndirmiş, səbrinin son həddə çatmasına səbəb olmuşdur. Azərbaycanın qeyrət rəmzi olan könüllüləri həmin vaxttdan, erməni quldurlarına qarşı mübarizəyə başlamağa, onlara tutarlı cavab verməyə hazır olduqlarını bildirmişdilər.
Artıq ölkəmizə və millətimizə qarşı baş verən erməni təxribatına son qoymağın vaxtı çatırdı. Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixində müxtəlif istiqamətlərdən Azərbaycana hücuma keçməsi nəticəsində ölkə prezidenti , Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin, düşmənə qarşı əks-hücum əməliyyatını həyata keçirmək əmrini verdi, Bundan sonra yüzlərlə könüllülərimiz, o cümlədən çağırışçılarımız cəbhəyə yola düşdülər. Uzun illərin münaqişələri səbəbindən başlanan müharibə əslində millətimizin, xalqımızın, Silahlı Qüvvələrimizin haqq-ədalət savaşı idi! Azərbaycan Silahlı Qüvvələri-Müzəffər Ordumuz , Vətən uğrunda düşmənlə apardığı mübarizəsini öz həqiqi və hüquqi Azərbaycan torpaqlarında davam etdirdi!

İlahi ədalətin öz yerini tutması üçün yaşanan 44 günlük Vətən müharibəsində ordumuz, çətin olduğu qədər də şərəfli bir savaş yollarından keçdi. Rəşadətli Azərbaycan ordusu, erməni hərbçilərinin ayaqlarının torpaqlarımızdan geri çəkməsi üçün,bütün qüvvələriini səfərbər etdi. Müzəffər ordumuzun əsgər və zabitləri, malik olduğu gücünü-qüvvəsini düşmənə göstərməklə, erməni postlarını və hərbi texnikalarını o cümlədən canlı qüvvəsini, dəqiq atəşlərlə darmadağın etməklə bir daha sübut etdi ki, biz olduqca güclü orduya malik bir dövlətik! Və cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bizim işimiz, haqq işidir!

Azərbaycanı Qarabağa qovuşdurmaq üçün erməni faşistləri ilə aparılan mübarizə yollarında Şanlı Ordumuz, strateji əhəmiyyətli bir çox hakim yüksəkliklərimizi nəzarətə götürdü. Bu yüksəkliklərın əldə edilməsi ilə bizi Qarabağa aparan yollardan “Qara Keşişin” “kol-kosları” təmizləndi! Vətənin azadlığı uğrunda düşmənlə, aramızda gedən müharibə əlbəttə ki, qansız-itkisiz ötüşmədi. Lakin mübariz Azərbaycan xalqı sarsılmadı. Öz ordusuna inanan xalq: “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” – dedi!
Qüdrətli ordumuz, qırx dörd gün davam edən Vətən Müharibəsində, otuz ilə yaxın ermənilərin zəbt etdiyi torpaqlarımızı işğaldan azad etdi. Bu günü bizlərə yaşadan Azərbaycan xalqının qəhrəman hərbiçiləri, üçrəngli dövlət bayrağımızı işğaldan azad etdikləri Cəbrayılda, Füzulidə, Ağdamda, Suqovuşanda, Şuşada, Zəngilanda, Laçında, Kəlbəcər və düşmən əsarətindən qurtulan, digər Vətən torpaqlarında- yüksəkliklərində dalğalandırdılar. Nəhayət ki, xalqımızın səbri və düşmən üzərində zəfər çalan qalib ordumuzun üstünlüyü ilə, haqq və ədalət işimiz illər sonra öz yerini tutdu. Qarabağ Azərbaycana qovuşdu!

Biz bu gün, torpaqlarımzı qəsbkar erməni yaraqlılarından azad edən, qələbə sevincini bizlərə yaşadan Vətənimiz Azərbaycanın qəhrəman oğullarına, şəhidlərimizə, qazilərimizə və ümumilikdə isə müharibə iştirakcılarına borcluyuq!
Biz sizinlə fəxr edirik! Vətən, bir daha sizin şücaətiniz, qorxmazlığınız, igidliyiniz, mərdliyiniz, dönməzliyinin və namərd düşmənə yenilməzliyinizlə bütövləşdi! Siz isbat və təmin etdiniz ki , Qarabağ Azərbaycandır!

Həmidə Fazilqızı (Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-jurnalist)

Bir şərh yazın