Güclü insanların 7 əsas xüsusiyyəti

Salamlar, çox güman ki, bu məqaləni oxuyursunuza ya öyrənməyə maraqlı biri, ya güclü olmaq istəyi olan biri, ya da artıq güclü olan birisiniz. Bu fikrimin nədən qaynaqlandığına diqqət çəkmək əvəzinə bir mühüm məqamı sizin üçün qabardacağam – biri. Bəli, istənilən halda bu sizsiniz və bir qədər hərfi olaraq paradoksal görünsə də siz birsiniz, siz təksiniz!

Zənnim məni aldatmırsa artıq məsələnin nə yerdə olduğunu dərk etdiniz, güclü insan olmağın başlıca şərti özünüzü sevməyi bacarmağınız, özünüzü hər halınız ilə qəbullanmanızdır, bir başqa və acı deyişlə – siz sizə kifayət edirsiniz.

İndi isə bu məqalənin daha yadda qalan olmasını təmin etmək üçün vacib qaydaları punktlaşdıraq.

1. Güclü insanlar özlərini çox sevər


Bunu çoxları eqoizm, özündən razılıq kimi qəbul edə bilər və bəlkə də bu belədir. Ancaq, bir güclü insan imici yaratmaq və hər şeydən öncə öz xoşbəxtliyinizi təmin etmək üçün özünüzü sevin. Yaxşı, ümumiyyətlə güclü insanlar özlərini sevir nə deməkdir? Bu əslində dəyər vermək, hörmət etmək, qəbullanmaq, qeydinə qalmaqdır. Öz zahiri görünüşünüzü bəyənmirdiniz, ya mövcud durumunuzu, ya dünyaya gəldiyiniz ailənizi? Yox, güclü insanlar həyatına hörmət edər, görünüşündən gileylənməz və belə də sevər, dünyaya gəldiyi ailəni dəyərləndirər. Yeri gələndə hətta, özü-özü ilə zarafatlaşar. Məgər bu dəlilikdir? Yox, bu özgüvənin artıq necə də böyük olduğundan və başqalarına yüksək ehtiyacın olmamasının bir göstəricisidir.

2.Güclü insanlar dik durarlar


Doğrudan da çox maraqlı bir nüansdır elə deyilmi? Sadəcə dik durmaq? Bu insanı güclü edir?
Bəli, bu insanı daha güclü edir! Alimlərin araşdırmalarına görə əvvəl dik dayanmayan insanlar daha sonra dik duraraq həyat fəaliyyətlərini davam etdirdikləri təqdirdə həyatlarının daha uğurlu olması 17% daha artmışdı. Bu istər sağlamlıq, istər görkəmlərinə, istərsə də sadəcə həyat fəaliyyətlərində özünü göstərir. Yəni, dik durmaq sizi sağlam və gümrah etməklə yanaşı həmçinin daha qüvvətli və güclü göstərir həm də əzminizi artırır.

3.Güclü insanlar xəyallar və planlar qurar ancaq, onlardan çox danışmazlar


İnsanlar qurduqları möhtəşəm planlarını və çox maraqlı xəyallarını ətrafındakı insanlar ilə bölüşməyi adətən çox sevərlər. Bilirsiz maraqlısı nədir? Elə adətən də onların həmin plan və xəyalları həyata keçməz. Ona görə də, güclü insanlar öz xəyal və planlarını insanlara danışmazlar. Bəzilərinə görə “göz dəyir” deyə belə olur ancaq, bunun bir psixoloji məqamı da var. Belə ki, insan həmin müdhiş planlarını danışanda belə elə həyəcan keçirir, gah sevinir, gah xüsusi hisslər keçirir və iş o planı həyata keçirməyə gələndə daha o hiss həyəcan qalmır, bir başqa sözlə desək əvvəlki həvəs və motivasiya qalmır. Məhz buna görə də plan və xəyallarınızı çalışdıqca danışmayın, onları həyata keçirməyə fokuslanın, ondan sonra bir başa insanlara göstərərsiz.

4.Güclü insanlar asana qaçmazlar


Reallıq budur ki, həyat şərtləri çox çətindir. Həyatda, hər cür maneələr ilə rastlaşa bilərik. Güclü insanların çox yaxşı bildikləri ən vacib məqam isə asan yolun sonunun yaxşı bitməməsidir. Gəlin nəzər salaq, asan yol ilə pul qazanmağa çalışan insanların əllərində olan daha çox şeyi itirməsi, asan görünən işlərin asan görülən deyil, düşünə biləcəyimizdən daha çətin olması və hətta nağıllarda belə asan və işıqlı olan yolun daha təhlükəli olması… Bəs çətin yol yaxşı yoldur? Bu yolu siz gedəndə özünüz biləcəksiniz, məlum olan odur ki, “çəkərsən zəhmətini, görərsən bəhrəsini”.

5.Güclü insanlar az danışarlar


Atalar yaxşı deyib: “Danışmaq gümüşdürsə susmaq qızıldır”. Bilirəm, son zamanlar çoxumuz bu deyimin əksinə olan fikirlər ilə rastlaşır və hətta ataları “səhv çıxardan” tiplər ilə rastlaşırıq. Ancaq, unutmayaq ki, atalar sözləri min illərin, yüz illərin süzgəcindən keçmiş və bu günümüzə çatmışdır. Güclü, ümumiyyətlə ağıllı insanlar çox danışmırlar. Onlar lakonik və qısa olaraq fikirlərini izah etməyi bacaranlardır. Yaxşı bilirlər ki, çox danışan zaman çox da səhv edə bilərlər, əslində danışmaq istəmədiyi fikirləri də istəmədən danışa bilərlər, qısası danışmalı olduqlarından artıq danışarlar.
Az danışmağın əlbəttə ki, mənfi cəhətləri də var. Fəqət, üstün cəhətləri daha qabarıqdır. Ən sadə və paradoksal şəkildə desək, sizin fikrinizin daha tez və asan anlaşılmasından tutmuş daha da düşündürücü və qəliz olmasına səbəb ola bilər.

Elə bu il, 2021-ci il Nizami Gəncəvi ili elan olundu, dahi türk şairi, böyük düha Nizami Gəncəvinin dediyi kimi:
“Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Çox söyləmək sənə bəlkə asandır,
Çox oldu desələr böyük nöqsandır.”

6.Adətən mövqelərini gizli saxlayarlar


Güclü insanlara xas bəlkə də ən böyük xüsusiyyətlərdən biri elə onların gizliliyindədir. Onlar, fikirlərini çox da izah etməzlər, onlar gah bir mövqedə görünən gah da digər mövqedə peyda olanlardır. Bu o səbəbdəndir ki, düşmənləri onları tanımaqda və fikirlərini təyin etməkdə çox çətinlik çəksinlər. Bu zaman onlara qalib gəlmək də çətinləşər və o öz qüdrətlərini qoruyub saxlamış olarlar.

7.Güclü insanlar hə deməyi bacarırlar ancaq, yox deməyi daha yaxşı bacarırlar

Həyata gəldiyimizin ilk dönəmlərində çoxumuza pis və yaxşını ayırd etməyi öyrədirlər. Və ən əsası bizə yaxşı olmağı təlqin edirlər. Bəli, çalışmaq lazımdır ki, yaxşı adam olaq, yaxşı adam olmaq həyatda çox şeydən daha çətindir. Biz, insanların xətrinə dəyməmək üçün, insanların bizdən xoşları gəlməsi üçün, insanlara yaxşı adam olduğumuzu isbat etmək üçün onların istəklərinə böyük nəzakət və təvazökarlıq ilə “HƏ” deyərik. Bu bizim öz işlərimizə problem yaratsa belə…

Bilirsiz? Əslində biz bununla özümüzü daha da dəyərli biri etmək əvəzinə daha da dəyərsiz edirik. Əməyimizin qiymətini endirmiş oluruq, yaxşı adam deyil, yaxşı avam oluruq. Düşünməyin ki, bu yalnız kənar insanlar üçün belədir təəssüf ki, ailəmiz daxilində də bu həqiqətlərdə keçərlidir. Biz “YOX” demədiyimiz müddətcə “HƏ”mizi ucuzlaşdırır və beləliklə öz hörmətimizi də azaltmış oluruq, onlara artıq elə gəlir ki, bu sizin boynunuza yüklənmiş öhdəlikdir. Bu sizin borcunuzdur, zamanında “HƏ” dediyiniz istəkləri artıq sizə borclu olduğunuz kimi təqdim edib, cavabınızı almadan həyata keçirməyinizi tələb edəcəklər.

Təsəvvür edin, bir uzunqulaq – ondan nəvazişlə bir yükü daşımağı istəmirlər. Hətta, təsəvvürünüzə uzunqulaq gətirməyimi istəyəndə bir çoxunuz onu yük ilə təsvir etdiniz . Bəli, baxın budur bayaq dediyim reallıq. Bəlkə də, tarixən uzunqulaq da at kimi bəzən şıltaqlıqlar etməyi, “YOX” deməyi bacarsaydı, ona da heç olmasa at qədər nəvaziş, qayğı və hörmət bəsləyərdilər. Bu bənzətməm bəlkə də, çox uğurlu deyil və yaxud da qəddar görünə bilər. Ancaq, unutmayın ki, bayaq uzun qulağı yük ilə təsvir edənlər sizlər idiz və hələ də onu daha ağır yük ilə yükləyən bizlərik.

Nəticədə, həyatda “YOX” deməyi bacardığınız təqdirdə həqiqətən böyük bir güc əldə etmiş olacaqsınız. Yox deyərkən niyəsini izah etməyin çünki, qarşı tərəf bu niyə üçün bir əks-arqument və ya bəhanə gətirəcək və yenə də bu işi etmənizi “xahiş” edəcək. Ona görə, sadəcə “YOX” deyin, bu sizi çox güclü edəcək, həmdə lap çox!

Bəli, dostlar beləliklə güclü insanlara xas 7 mühüm xüsusiyyəti birlikdə öyrəndik, bundan sonra çalışacağam ki, daha çox bu kimi məqalələr, bloqlar yazım və sizlərə təqdim edim. Çünki, həyatda çox müxtəlif insanlar olduğu kimi, çox müxtəlif situasiyalar ilə rastlaşırıq və əgər biz yıxılsaq həmən bizi baltalamağa hazır insanlar var. Ona görə hər birimiz güclü olmalıyıq, ən pis halda güclü görünməyi bacarmalıyıq onların etdiyi kimi…

Hörmətlə Həsən Hüseynsoy
( “Motivatorum” və “Motivasiyan” təsisçisi)

©Müəlliflik hüququ qorunur, məlumatlardan istifadə edərəkən mənbənin qeyd oluması və müvafiq hiperlinkin yerləşdirilməsi mütləqdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma