“Başqalarının uğur hekayələrini oxumağı dayandır! Öz uğur hekayəni yazmağa başla!”
Son zamanlar bir çox insandan bu fikri eşitmiş olarsınız. Bəlkə də eşidəndə çoxunuzun indiyə qədər səhv etdiyinizi və əslində elə bu fikrin sizdə motivasiya yaratdığını düşünmüsünüz. Vau, doğrudan da çox gözəl səslənir: ” Öz uğur hekayəni yazmağa başla!”
Fəqət burda incə bir məsələ var. Bu o məsələdir ki, sizin başqalarının uğur hekayələrini oxumağınız sizin bir yerdə dayanmağınız, inkişafdan qalmağımız demək deyil. Əksinə, siz də uğurlu insanların həyatını analiz edirsiniz, onların problemlərin həlli yolunu necə tapmalarını öyrənirsiniz, onların zamanında etdikləri səhvlərini görürsünüz və siz o səhvləri təkrar etmirsiniz. Bəli, mühüm məsələ də elə buradadır. Bir aforizmdə deyilir ki, insan ömrü insanın öz səhvləri üzərində öyrənməsi üçün çox qısadır. Demək ki, biz də öz uğurumuzu yaratmaq üçün hökmən başqalarının da səhvlərindən öyrənməliyik, onların həyatlarının müsbət cəhətlərini özümüzə örnək götürməyi bacarmalıyıq!
Ümumiyyətlə, əgər biz kimlərinsə uğur hekayələri ilə özümüzü motivasiya edə biliriksə demək ki, uğur hekayələrini oxumağa dəyər. Bu bəziləri kimi başqa insanların bədbəxtliyinə baxıb sevinməkdən qat-qat yaxşıdır və doğrudur. Ancaq, həddindən artıq çox oxumaq da bir şey deyil ha. Xatırlayın Dahi Nizami Gəncəvinin dediklərini: “İnci tək saflığı olsa da suda, artıq içiləndə dərd verir o da”.
Həsən Hüseynsoy
(Çağdaş Gənclər Portalı və Motivasiyan – Şəxsi İnkişaf Platformunun təsisçisi)

