27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun təxribatına qarşı olaraq Azərbaycanın “Dəmir yumruq” əks-hücum əməliyyatı ilə 44 günlük Qarabağ uğrunda Vətən müharibəsinin başlanğıcı qoyuldu. Bu müharibə Azərbaycan tarixində özünə məxsus yer tutmuş və şanlı zəfər tariximizə çevrilmişdir.
Heç şübhəsiz ki, bu zəfəri igid döyüşçülərimizə və müqəddəs şəhidlərimizə borcluyuq. Vətən müharibəsində böyük şücaətlə vuruşmuş və torpaqlarımızın azad olunmasında mühüm rol sahibi olan müqəddəs şəhidlərimizdən biri də Mayor Şahlar Cəfərovdur. Qəhrəman şəhid Mayor Şahlar Cəfərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalına və “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdür.
Cəfərov Şahlar Fəzail oğlu 1975-ci il 5 iyun tarixində Sabirabad rayonu Xəlfəli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə Xəlfəli Kənd Tam Orta Məktəbin 1-ci sinifinə daxil olmuşdur. Məktəbli dövründə vətənpərvərliyi ilə xüsusi olaraq seçilən Şahlar Cəfərov hələ uşaqlıq dövründən Qarabağ torpaqlarında eləcə də Laçın rayonununda olmuşdur. 1992-ci ildə məktəbi bitirən Şahlar Cəfərov 1993-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlar Məktəbinə daxil olmuşdur və 1997-ci ildə adı çəkilən ali məktəbi bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına ixtisaslı kadr, leytenant rütbəsi ilə daxil olmuşdur.
Bundan sonra, Şahlar Cəfərov ordu sıralarında 21 il yüksək şəkildə xidmət edir və “Qüsursuz xidmətə görə” 1-ci və 2- ci dərəcəli medallarla təltif olunur. Yüksək nizam-intizam və hərbi bacarıqlarına görə diplom və sertifikatlara layiq görülür, ordu sıralarında xidmət etdiyi müddətdə zabit və əsgər heyətinin böyük hörmətini qazanır.2014-cü ildə ordudan təxris olunur və təqaüdə layiq görülür. Vətən müharibəsi başlayar-başlamaz böyük oğlu Cəfərli Seyfi̇ni̇ böyük bir qürurla ön cəbhəyə yola salır. Könüllü şəkildə müharibəyə yollanan Cəfərli Seyfi̇ Cəbrayıl istiqamətində gedən döyüşlərdə xidmət etdiyi artilleriya bölmələrinin tərkibində birlikdə düşmən texnikalarının sıradan çıxarılmasında, düşmənin ərazi müşahidə məntəqələrinin məhz edilməsində fəallıq göstərir. Mayor Cəfərov Şahlar cəmi bir neçə gün sonra, 29 sentyabr 2020-ci ildə şəxsən özü qardaşı polkovnik-leytenant Cəfərov Bahadur ilə birgə ön cəbhəyə yola düşür. Mayor Şahlar Cəfərov hərbi-strateji əhəmiyyət kəsb edən və Qarabağın incisi olan Şuşanın azad olunması üçün mühüm rol oynayan Hadrutun, komandiri olduğu batalyon ilə birlikdə azad edilməsində yaxından iştirak edir. Azad olunan Hadruta erməni separatçılarının təkrar hücumunun qarşısını böyük rəşadət və igidliklə alan Mayor Cəfərov Şahlar Fəzail oğlu başından gülə və bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alır və şəhidlik tək uca zirvəni fəth edir!
Bəli, Vətən müharibəsinin zəfər tariximizə çevirən şəhidimiz Mayor Şahlar Cəfərov və digər bütün şəhidlərimiz sayəsində bu gün Qarabağ düşmən tapdağı altından azad oldu! Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur demişlər, şəhidlərimiz də öz qanları ilə bu torpaqları bir daha vətən etdilər!
Şəhi̇d Mayor Şahlar Cəfərov ölümündən sonra Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeninə və “Vətən uğrunda” medalına layiq görülmüşdür. Hazırda, şəhidin 3 oğul övladı – Bakı Dövlət Universiteti Tarix fakültəsi tələbəsi Cəfərli Səməndər, məktəbli Cəfərli Fəzail və atası ilə çiyin-çiyinə vuruşmuş Cəfərli Seyfi vətənə və dövlətə əmanətdirlər.
Bizlər hər daim şəhidlərimizin əziz ruhunu böyük ehtiram və hörmətlə yad edəcəyik!
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan ordusu, Qarabağ Azərbaycandır!





