Əzəli və əbədi yurdumuz Qarabağın azad olunması hər birimizin böyük sevincinə səbəb oldu. Vətən müharibəsi dövründə, 8 noyabr 2020-ci il tarixində Şuşanın azad olunması xəbərini duyan gənc şair Müşfiq Mikayıl “Qayıtdın” şeirini yazır və ilk dəfə E-QƏZET həmin şeiri sizlərə təqdim edir.

Qayıtdın
İndi başın nə duman, nə çən, nə də ki qardı,
Burda illərdən bəri səni gözləyən vardı,
Sanma boşa qayıtdın.
O gün çoxu yollara başıaçıq düşmüşdü,
yalınayaq düşmüşdü,
Sevgilimdin, bəlkə də, məndən uzaq düşmüşdün,
Başdan-başa qayıtdın.
Sən elə bir yuxuydun gözlərimdən keçməyən,
Qışda səni tək qoyub heç bir yerə köçməyən
Qaranquşa qayıtdın.
Ölməz sevgilərini hər kəs səndə yaşada,
Bülbül xarıbülbülə illər sonra Şuşada
Nəğmə qoşa…Qayıtdın.
Bir şəhəri sevəsən,
Bir gün sənə qayıda, sənə tərəf yeriyə,
Demişdin ki, gedənlər qayıtmırlar geriyə,
Gördün Şuşa?! Qayıtdın.
Müşfiq Mikayıl

