ON İKİNCİ UĞUR və ya YAQUB SALMAN POEZİYASI


Şirvan mətbuatına söz inciləri ilə töhfələr verən gözəl qələm sahibi şair, Yaqub Salman yaradıcılığı ilə tanışlığım, 1993-1997-ci illərdə Şirvan şəhərində çıxan “İŞIQ” ictimai -siyasi qəzetinin redaksiyasında, ədəbi işçi-müxbir işlədiyim illərdən başlayıb. Yaqub müəllimin, redaksiyanın “Məktublar şöbəsi”nə daxil olan qələm izlərinin məhsulu olan, müxtəlif mövzuları əhatələyən məqalə və şeir nümunələri ilə tanış olduqca, müəllifə olan rəğbətim və yaradıcılığına olan marağım da həmin vaxtlardan çoxalmağa başlayıb. Yaqub Salmanın məqalələrindən fərqli olaraq, şeirlərinin daha çox diqqətimi cəlb etməsi də təsadüfi olmayıb. Belə ki, hələ o vaxtlar şairin, nəzmə çəkdiyi qələm izlərini oxuduqca hər bir sətrində, hər bir bəndində torpağa, elə bağlılığını hiss etdikcə, ürəyimdən bir səs gəlirdi:”Kaş Yaqub müəllimin şeirlərindən ibarət, bir toplusu olardı!”
O vaxtdan illər keçib, amma Yaqub Salman yaradıcılığına olan marağım, zərrəcə olsun azalmayıb. Bir vaxtlar müxbir vəzifəsində çalışdığım, mənim ücün “Böyük Həyat Məktəbi” olmuş Şirvan mətbuatdan – “İŞİQ” İctimai-Siyasi qəzetinin redaksiyasından ayrılsam da, əldə etdiyim “İŞıQ” qəzetinin səhifələrində rastlaşdığım Yaqub Salman, poeziyasını böyük həvəslə izləməyimin ənənə halını alması, bəlkə də kimlərəsə qəribə gələ bilər. Düzdür, bu gün bizi “İŞİQLİ”lı günlərimizdən xeyli zaman fasiləsi ayırır. Artıq mən, jurnalist fəaliyyətimi Bakıda- Azərbaycan Nəşriyyatında davam etdirirəm. Yaqub müəllim isə, yaradıcılığının bəhrini -barını bu gün də doğma şəhərimiz Şirvanda “İŞİQ” qəzetinin vasitəsi ilə oxucularına təqdim etməkdədir. Bunca zaman kəsiyində Yaqub Salman, biri- birinin ardınca bir deyil, iki deyil, üç deyil, bir- birindən oxunaqlı, düz on ikinci kitabını çap etdirib! “Düz” demişkən;
Stolüstü kitablarımın sırasında, Yaqub Salman yaradıcılığının izi-özü olan məhz elə “DÜZ AĢAC” adlı, daha bir kitab da vardır! Kitablarımın sırasına bu gün onun, “On ikinci uğur”u da daxil olur.
( Yaqub Salman ,12-ci uğur, Bakı, “Zərdabi Nəşr” MMC, 2021,444 səh.) Çapdan yeni çıxan ” On ikinci uğur” kitabında müəllif Yaqub Salman, ( Salmanov Yaqub Süleyman oğlu) hər zaman olduğu kimi, yenə də qələminə sadiq qalaraq, poeziyadan əlavə, nəsr əsərlərini də kitaba daxil edib. Bir neçə bölməni əhatələyən “On ikinci uğur” kitabının “Gördüyüm, eşitdiyim, bildiyim” bölümündə müəllif, yaxın dostu, Şirvan şəhərindəki, Yağ-Piy Kombinatının sabiq direktoru, Pirverdi Məmmədova və digər tanışlarına-dostlarına ünvanladığı sənədli hekayələrini də çap etdirib. Kitabın birinci fəsli, hekayələr və xatirələr toplusundan ibarət olsa da növbəti fəsillərdə yenə, Yaqub Salmanın zehnindən süzülüb-gələn, gələmə alınaraq nəzmə çəkilən söz xəzinələri ruha qida vermək ücün qatarlanıb! “Poeziya Yarpaqları” bölümündə, ilhamlı şair kimi tanıdığım Yaqub müəllim təbiətə, kainata, bəşər övladlarına, balacalara, zamanını əhatələyən hadisələrə- o cümlədən Qarabağa, Şuşaya, təzadlı dünyamıza həsr etdiyi şeirlərini toplayıb. Şairin “On İkinci uğur” kitabını mütaliə edən həssas bir oxucu kimi, həmin şeirlərlə tanış olduqca, bir daha əmin olururam ki, şair- nasir Yaqub Salman, bu kitabını yazarkən qələmini, əlinə heç də təsadüfən almayıb! Müasir Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni duyum gətirən müəllif, həm də bu kitabda Azərbaycanın Güneyinə, Qüzeyinə, adət və ənənələrinə, qayda və qanunlarına, coğrafi mövqeyinə, tarixinə yaxından bələd olan Əsil -Soy bir vətəndaş olduğunu isbat edib. Xəyal dünyasından “qopardığı” təxəyyülləri ilə, reallığın daha bir vəhdətini yaradan şair, son ucu həqiqətlərlə bitən dərin mənalı,hikmət dolu sətirlərlə baş-başa verərək, həm də bu kitaba toplanan şeirlərin misralarıyla dostsayağı “dərdləşərək , “pıçıldaşıb”. Zəngin ana dilimizin poetik imkankarından bəhrələnən müəllif, istənilən bir çox mövzuda fikrin, fəhmin, yaddaşın tozunu silkələyərək, ömrünün aqil çağlarında, yaddaşının xatirələrinə bir daha ziya salmağa çalışıb.
Hər bir şair kimi, Yaqub Salmanın da bu kitaba daxil etdiyi, həsrətin kök saldığı, hicranın at oynatdığı saf eşqinə, unuda bilmədiyi ilk məhəbbətinə yazdığı, ürəyində köz bağlayan hicranlı-həsrətli- intizarlı şeirləri də yer alıb. Şair, ötən günlərinə köks ötürə-ötürə yazıb ki;

” Boyun həmin boydu, səsin o səsdi.
Amma, ürəyinin odu görünmür.
Dünən deyərdim ki, ” öldürmə bəsdi”!
Bu gün, sözlərimin dadı görünmür!

Yalancı təbəssüm, boya gülüşlər…
Üzümə “can” demək , can demək deyil!
Canım, üzəvari soyuq baxışlar
Yaralı könlümə, bir kömək deyil!

Sənincün gecələr yuxusuz qalıb,
Əbəsdir şeirdən divar hörməyim!
Amansız bir fikir üstümü alıb,
Mən hara gedim kii, səni görməyim!?

Dərin mənalar kəsb edən və ilham mənbəyindən güc alan digər poeziya nümunələri ilə tanış olduqca, Yaqub Salman yaradıcılığında fəlsəfi mündəricəli poeziya nümunələrinin kifayət qədər olduğu da ğözlərimdən qaçmır.” On ikinçi uğur” kitabından seçərək, təhlil etdiyim şeirlərlə üz-üzə dayandıqca, bir daha əmin oluram ki, vətəndaş şair Yaqub Salman, həmin şeirləri qələmə aldığı anlarda, vətənpərvər bir şairdən başqa həm də, qələmini silaha cevirən müsəlləh bir əskər olub.
Şairin, vətənpərlik mövzusunda ərsəyə gətirdiyi bir cox şeirlərində işlətdiyi ibarələr, böyük sərvət kimi janr etibarı ilə, Azərbaycanın etnoqrafik, cografi, eləcə də tarixi- mənəvi xəzinəsi olaraq təqdim etmək, fikrimcə oxucularınız üçün də böyük informasiya mənbiəyi ola bilər.
Kitabın ” Vətən, Mənə Oğul De!” bölümündə yer alan ” Qara geymə Ana”, “Vətən anadan Qabaq”, “Əsgər”,”Azad torpaq, bütöv Vətən”, “Bayraq”, “Ermənilərə mesaj”, “Qarabağ bizimdir” sərlövhəli şeirləri, vətəndaş şairin , başı bəlalar çəkmiş Vətəninin yarasına qoyduğu məlhəmi, sarıdığı sarğısıdır!

-“Dağıtmısan Vətənimin yarısını,
Öldürmüsən cavanını, uşağını,
Qocasını, qarısını!
Şişə taxdın, bu torpağın tifilini, körpəsini!
Eşitmədi bu kar dünya,
Anaların haqq səsini, naləsini!
Sinəmizə dağ çəkibsən,
Sīndımısan əsirləri, girovları,
Utan barı! Utan barı!!!
(Erməniyə mesaj)
Yaqub Salmanın, 2020- ci ilin sentyebrında Silahlı Qüvvələrimizin, erməni terrorçularına qarşı əks hücum əməliyyatının başladığı Vətən Müharibəsi zamanlarıda qələmə aldığı şeirlərindən əksəriyyətini alqış, qələbə diləyi və tövsiyyə xarakteri təmin edir. Həmin şeirlərdən birində müəllif yazır;

  • Gəldi qara buludlar, təhlükəli havadı.
    İgid əsgərim oyan, qalx ayağa davadı!
    Döyüşdə addım belə, geri cəkilmək nədi!?
    Qoyma qarı düşməni, qaçıb- əkilmək nədi!?

XEYİR, hec vaxt tanımaz əgər ki, ŞƏR olmasa!
Bil ki, VƏTƏN alınmaz, sinə sipər olmasa!
Vətən üçün davada nə əyil, nə sın, bala! Qoyma düşmən gülləsi kürəyinə dəyməyə,
Sinənə dəysin, bala!

İtirmə sayıqlığı, qoyma əldən yarağı!
Şuşada dalğalansın, Azərbaycan bayrağı!
( “Əsgər” şeiri, “On ikinci uğur”, səh; 330.)
Kitabın “Qarışıq Şeirlər ” bölümündə, adından bəlli olduğu kimi., şairin müxtəlif səpkili və olduqca maraqlı şeirləri toplanıb. Yaqub Salmanın “Qəriblik ” şeirini mütaliə edərkən bəxtinin, qədərinin, taleyinin, həyatının, doğulduğu Şəmkir elindən aralı saldığındana görə, gizli-gizli xiffət edərək yaşadığını duyur, hiss edir və görürük! Yaşadığı diyara ” Yurdum-Məskənim deyil də,” Yuvam” deyən şair, bəxtinə qaralı günlərin düşdüyünü də şeirlərində etiraf edib. Qədərinə, qismətinə düşən ayrılığa “qayıl” olan Yaqub Salman,, arzularına nail ola bilmədiyi üçün, “Qəriblik”sərlövhəli şeirlərinin misralarını saya-saya yazırb ki;

Niyə söhbət açdın müharibədən,
Yada şəhid düşdü, yaralı düşdü!?
Mənə, namə dəldi Şəmkir elindən,
Nədənsə, könlümə oralı düşdü!

Gizli yaşamadım, üzdə yaşadım!
Qəlbən yaşamadım, sözdə yaşadım!
İlanlar mələşən düzdə, yaşadım
Bəxtimə, günlərim qaralı düşdü!

Kim deyir, yaşamaq kənarda baldı!?
-“Yuvam” deyə-deyə Yaqub qocaldı!
Tale, yollarımı uzağa saldı
Qəbrim də elimdən, aralı düşdü!

Elindən aralı düşsə də ta, gənclik illərindən bu günə qədər Şirvanda çalışaraq-yaşayan-yaradan, şirvanlıara qaynayıb -qarışan, yazdığı qat- qat kitablarına toplanan maraqlı və düşündürücü, ilham verici şeirləri ilə, hər bir oxucusunun əziz qonağı olan Yaqub Salmanın, yeni çapdan çıxan ” On İkinci Uğur” kitabına daxil edilən “Sahil”, “Sevgi” ,”Sədan gəlsin”,”Ay gözəl”, “Anadan muğayat ol” ,” Qəm, fikir, düşüncə”, “Son deyil” başlığı altında oxucularına təqdim etdiyi şeirlər də oxunaqlıdır. Mən, həm də bir oxucu olaraq Yaqub Salmanın, ruha qida verən şeirlərinin təsiri altında qeydlərimi apararkən, bir daha əmin oluram ki, dünyaca tanınmış Nizamiləri, Füzuliləri, Səmədləri, onların müasirləri Zəlimzanları, Musaları və bir cox Azərbaycan şairlərini yetişdirən torpaq, Yaqubları da yetişdirməklə, bu gün mənəvi kamilliyin bütövlüyünə xidmət etməkdədir! Qələmini əlinə yalnız, yazmaq xatirinə almayan şairin, kitaba toplanan şeirləri bədiiliyi, dolğunluğu, mövzu rəngarəngliyi ilə də seçilməkdədir. Yaqub müəllimin poeziyasının dərin qatlarna baş vurduqca inanıram ki, ” On ikinci Uğur” kitabını O, ədəbi kamillik zirvəsini fəht etmək üçün yazıb və oxucularına hədiyyə olaraq təqdim edib! Və bir daha inanıram ki, oxucuların ixtiyarına verilən sayca 12-ci kittab olan “On ikinci uğur” Yaqub müəllimin axırıncı deyil də, gələcək yeni şeirlər kitabının axarıncısı olacaq!
Gözəl qələm sahibi, istedadlı şair, səmimi insan olan Yaqub Salmana, uğurlarının davamlı, canının sağlam və gümrah, qələminin açıq olması diləyi və arzusu ilə:

Həmidə Fazilqızı.
Şair-nasir–publisist
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma