İNTİHAR HADİSƏLƏRİNİN GÜNAHKARLARI KİMLƏRDİR? – SEVİL ATAKİŞİYEVA-nın intiharı

İNTİHAR HADİSƏLƏRİNİN GÜNAHKARLARI KİMLƏRDİR?

20 yaşlı gənc qız Sevil Atakişiyevanın özünü fevral ayının 18-i hündürmərtəbəli bir binanın 20-ci mərtəbəsindən ataraq intihar etməsi çoxlarımızı təsirləndirdi. Daha sonra isə Sevilin atasından və ailəsindən narazılığını əks etdirən yazışmaları sosial şəbəkələrdə sürətlə yayılmağa başladı. Beləliklə fikirlər Sevilin atasına cəmləndi…

Bu son dönəmdə baş verən ilk intihar hadisəsi deyildi. 26 yanvar tarixində 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etmişdi. Elə həmin gün, 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. 2 gün öncə isə 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü Nərimanovda yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən atmışdı.

Ümumiyyətlə, 2021-ci ilin ilk ayından intihara cəhd xəbərləri əvvəlki zamanlara nisbətdə daha çox duyulmaqdadır. Bəli, məsələ də elə burdadır! Ard-arda intihar və bənzər xəbərlər! Düşünün, bu intihar xəbərlərini birləşdirən əsas xüsusiyyətlər nələrdir?

Gəlin birgə nəzər yetirək:
1)İntihar edənlər özlərini hündürmərtəbəli binadan ataraq intihar edirlər;
2)İntihar edənlərin demək olar ki, hamısı qadındır;
3)Bu intihar hadisələri bir-birinə çox yaxın zamanda baş verməkdədir.

Çox qəribə məqamdır elə deyilmi?
Əslində bu elə də qəribə deyil. Çünki, bunun psixologiya elmində bir izahı var, daha dəqiq desək bir effekt mövcuddur. Bu “Verter sindromu (effekti)” adlanır.

Effekt ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Hötenin “Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd halları bütün Avropanı bürüyür. Kitabı oxuyan kişilər, özlərini əsərdə olduğu kimi xəncərlə öldürərək intihar edirlər. Hətta, həmin kişilərin geyimləri də Verterin əsərdə təsvir olunan geyimi ilə üst-üstə düşürdü. Bu vəziyyəti anlayan Avropa ölkələri əsəri qadağan edir!

Effektin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verib. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları haqqında ardı-arası kəsilməyən geniş xəbərlər dərc olunubsa, məhz orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Filipsin araşdırmalarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi çox böyük rol oynayır. Xüsusən, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.

Deməli, Sevilin intiharı məhz “Verter sindromu” ilə də əlaqəli hesab edilməlidir. Və belə olduğu halda intihar hadisələrinin baş verməsinin səbəbkarları da elə bizik. Bəli, biz!

Artıq məlumatlar yalnız televiziya, qəzet, jurnal və digərləri ilə yayılmır. İndi sosial şəbəkələrdə bir toxunuşla milyonlarla insana ən qısa zamanda xəbərlər çatdırmaq mümkündür, həmçinin intihar xəbərlərini də. İntihar xəbərlərini paylaşan mətbu orqanlar ilə yanaşı sosial şəbəkə istifadəçiləri də hər keçən gün bir “iradəsi zəif” insanı “Verter”in qurbanı edirlər.

Bu “tendensiya”ya son qoymaq gərəkdir, kimlərinsə “digər ölkələrlə müqayisədə Azərbaycanda intiharların sayı azdır” deməsi çıxış yolu deyil. Çıxış yolu hər şeydən öncə bizim bu xəbərləri paylaşmağı dayandırmağımız və aidiyyatı qurumların da bu məsələni bu mənada nəzarətə götürməsi və lazımi addımları atmasıdır. Əks halda neçə-neçə Sevilləri itirərək tanıyacağıq!

Qeyd: Bu məqalədə mövzuya yanaşma sırf psixoloji olaraq intihar hadisələrinin baş verməsidir. İstənilən halda, mövzuya yalnız bir prizmadan baxmaq bizə yardımçı ola bilməz və bəzən bir məsələnin işıqlandırılması daha böyük məsələlərin aydınlanmasına səbəb olur.

Müəllif: Həsən Hüseynsoy

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma